Add Durna to your favorites
 
   |  آرشيو   ا   ادبيات  ا  اوشاق  ا  قادين   ا   رئداكتوردان      
 

Brüssel Dialoq Toplantısından sonra yerdə qalan 5 sorğu!

                                                   

عرب الیفباسی ایله آشاغیدا             Eldar Qaradağlı

Çox səsli Amsterdam Toplantısının ardınca səssiz Brüssel toplantısı da Azərbaycanın milli-siyasi tarixinə qovuşdu. Ancaq ortada qalan bir çox sorğu oldu. Bu yazının amacı qıssa və konkret olaraq bu sorğuları yanıtlamaqdır.

1.    Çox saylı Amsterdam toplantısından sonra az saylı Brüssel Toplantısına necə baxmaq olar?

2.    Bu iki ardcıl toplantının bir-birindən fərqliyi nədədir?

3.    Bu iki toplantının Azərbaycan Milli Hərəkatına qazancı oldumu?

4.    Bu iki toplantıdaki düşüncə toqquşmasının özülündə taktiksalmı yoxsa stratejik görüşlər yatıbdır?

5.    Amsterdam və Brüssel toplantılarında Azərbaycanın diaspora və lobbi proqnosları oldumu?

 

Sorğu 1:

Çox saylı Amsterdam toplantısından sonra az saylı Brüssel Toplantısına necə baxmaq olar?

Brüsseldəki havanın Amsterdama görə çox aydın və net olmasının altını cizirəm. Çünki, Brüssel tam anlamıyla dialoq toplantısı deyildir. Amsterdamda gün qonusu dialoq idi. Brüsseldə Amsterdamın əmirlərinin həyata keçirilməsi ilk və son söz idi. Başqa sözlə desək, Amsterdam daha çox geçə oduna gedənlərin toplantısı, Brüssel isə, səhər yola çıxanları qatarı idi. (Atalar sözü: Gecə oduna gedən çox olar, səhər bir açılsın görərik kim gedər, kim qalar!) Brüssel Toplantısının iradəsinə görə, Amsterdam toplantısının 12 madəlik sonuc bildirisinin bir daha danışıqlara verilməsi anlamsız idi. Bu üzdən Brüssel Toplantısının fonksiyonunun Amsterdam ardı olması da, yalnız mekaniksəl anlam daşıyırdı. Belə ki, Bir yeni quruluşun yaranması Brüsselin gündəmində dayanmışdır. Bəzi qurumlar və şəxslərin Büresselin dialoq toplantısı qalması arzusu bu üzdən boşa çıxmışdır. İnhisarçılıqla mübarizə(!?) adına, gəlməyənlər də var idi. Bu qurum və şəxslərə olan sayğımızı bir daha vurğulamaqla Büresseldə olmamaqlarını yalnış bir alğılama hesab edirəm. Bu dostların anti inhisarçı fiqorlarının arxasında ciddiyyəti olmayan məqamlara toxunmamaqdan keçmək olmaz. Yaxına gəlib işin bir tərəfindən yapışmaq yerinə uzaqda durub ələşdirmə tərzilə bir yerə varmaq olmaz! Çoxu millətçilərdən olan bu dostların öz qurumlarına aşırı həssas olmaqları heç belə doğru deyil. Amac partiyaçılıq, qurumçuluq deyil. Ortada əsarətdə olan bir millət varsa, qutsal olan yalnız amacdır. Bu böyüklükdə dərdi duyaraq birlik çabalarına dal çevirməyin mənasını anlamaq mümkün deyildir. Bu dostlarin Brüsseldə olmamasının təməlində gizli bir önyayğını da duymaq olar. Onlar belə düşünürlər ki, kimsələrin təsiri altında qalacaqlar vəya kimsələrin böyüməsi üçün arac olacaqlar. Burada bir sorğu ortaya gəlir. Belə ki, içimizdən olanların böyüməsini əngəlləməklə hansı qurtuluşdan söz açmaq olar? Əcəba, vaxtıyla Dr. Çehrəqanlını sıradan çıxarmağa çalışanların suyu kimin arxına axdı? Bugün Dr. Çehrəqanlı çəkilib evində oturubdur. Bu, yoxsunluğun xeyrini kim gördü? Yazıq o bağvana ki, qışın şaxtasından qurtulmaq üçün hər gün bağının bir ağacını baltalır.

Brüssel toplantısının kişisəl etginliklərdən qorunmasının yolu tanınmış qurum və şəxslərin orda olması idi. İnhisarçılığı bahana tutaraq Brüsselə gəlməyənlərin inhisarçı düşüncələrinə bir göz atalım: “Çün mən bir qurum kimi varam, başqa bir qurumun yaranması mənim iznimlə, mənim etginliyimlə olmalıdır. Yoxsa mən yoxam!” vəya “Güneyin bizdən nə istəyi bir yana qalsın, bizim Güneyə nə verəcəyimizi düşünməliyik!”Altı cizilmiş iki cümlənin mahiyyətinə diqqətlə baxarsaq. Düşüncədə olan bulanıqlığı aydınca görərik.                 Güneyin dışarıdakılardan birlik istəyinə kimsə qarşı çıxmayır. Ancaq, işə gəlincə qurum və birər səliqələrin üstünlüyü hər şeyi pozur. Nə yazıq ki, Güneyə ağıl verməkdə, məsləhət görməkdə hamı bir-birilə yarışa girmiş durumdadır. Brüssel Toplantısının qayəsi bu dağınaqlığa son qoymaq idi. Bu üzdən, hər hansı səbəbdən bu sonuca hazir olmayanların Brüsseldə yerləri boş göründü. Brüssel bundan daha qalaballıq vəya bundan daha da azsaylı ola bilərdir. Unutmamaq gərəkir ki, hədəf daşıyıcısı olan insanın dəyəri matimatik ölçülərə sığmazdır. Dünyanın ən nəhəng hərəkatının iradələrlə yaranmasını nəzərə alarsaq, Brüssel Toplantısında iradə sərgiləyənləri, milyonlar arzunun nümayəndəsi hesab etmək olar.                         

Sorğu 2:

Bu iki ardcıl toplantının bir-birindən fəqliyi nə old?

Amsterdam toplantısı qapalı siyasi taktikalar meydanıydı. Amsterdam toplantısının hədəfi yalnızca dialoq olduğu üçün, ortada var olan gizlilik açılmadı. Amsterdamdaki 12 maddəlik ortaq bildiri kağız üzərindən irəli getmədi. Bu üzdən, işdə və əməldə nə kimi ayrıntıların yaranması da qapalı qaldı. Həmin bildirinin Brüsseldəki görəvinin icraçı olmasıyla başlayan çeşidli yozumlar da aydınca görünməyə başladı. Belə ki, Amsterdamda olan ortaq maddələrin Brüsseldəki yozumu dəyişik formalar aldı. Sadə anlamla desək Amsterdamdaki qazanın Brüsseldə qapağı açıldı. Amsterdamda sakin və səssizcə toplantının ortağlığına üstünlük verən gənc düşünürlərin brüsseldəki ulusallıq həssasiyyətləri üzə çıxdı. Amsterdamda iki taktikanın bir arada olmasını düşünənlər, Brüsseldə bunların taktika deyil, stratejik yöntəmli olmasını dərk etdilər. Azərbaycan mərkəzli türkcü düşüncəİran mərkəzli federal Azərbaycan görüşləri iki qaçırılmaz düşüncə kimi qarşı-qarşıya durdu. Bu sürəc tam toplantınin bir gününü aldı. Sonunda isə,  mühafizəkar solçu azərbaycançılıq çağdaş gənc türkçü azərbaycanlılıq  arasında olan düşüncə ayrıntısı aydınca üzə çıxaraq  mühafizəkar solçu azərbaycançılıq qurumun dözümsüzlüyü ilə sona çatdı. Brüsseldə bu iki çeşidli düşüncənin barış ortasını axtaranlar böyük əziyyətlərə qatlansalar da, nə yazıq ki, uğursuz qaldılar. Bu ara, Əhməd Obalı bəyin uzun sürəcli TV çabalarının ardından Brüsseldəki tər dökməsi də, mühafizəkar soydaşlar tərəfindən yanıtsız buraxıldı. Bu soydaşların aşırı istəklərindən yalnız kiçik bir bölümünə toxunuram: Bu soydaşların kiçik bir qurum olduqlarına baxmayaraq, hər işin başında olma səyləri, yeni yaranacaq quruma beyin olmaq istəkləri ilgi çəkən idi. Bu soydaşların idialarına zidd olan amatorca bir davranışa işarə etmək məqsədə uyğundur: Seçimlərə aday olma zəmanı, hərkəs özünü vəya adayını tanıtarkən, bu dostlar tərəfindən toplantıya qatılmayan iki soydaşın adaylığı irəli sürüldü. Demokratlığa hayqırı olan bu davranışa etiraz edən toplantı ortaqları adaylıq elan edən şəxs tərəfindən dəli-nəsihətə və qarşı etiraza məruz qaldılar. Toplantı bu totalitar tərzə yol verməyincə bu qurumun toplantını tərk etməsi anlaşıldı. Sözsüz ki, belə davranışlar nəticəsində, toplantıda ağır və olumsuz hava yaranmış oldu. Ancaq, toplantının yüksək iradəsini bu oyunlar poza bilmədi. Toplantı önünə qoyduğu amaca doğru irəlilədi.

Sorğu 3:

Bu iki toplantının Azərbaycan Milli Hərəkatına qazancı oldumu?

İlk başda deməliyəm ki, mən toplantınin iki-üç və hətta neçə aylar ertələnməsindən yanaydım. Səbəbim çox aydındır. Belə bir gərəkən qurumun yaranmasının geniş milli-siyasi kadır tələb etməsini görməməzlikdən gələrsək böyük yalnışlıqdayıq. Brüssel toplantısının daha dayanacaqlı və uzun ömürlü sonuc verməsi üçün təcrübəli və çevrəli milli-siyasi aktivlərin bir araya gəlməsi gərəkirdi. Brüssel buna nail olmadı. Bunun nədəni isə, anlamsız tələskənlik idi. Hal buki, biraz xoşgörü, biraz özveri və bu yolun ağır daşları olan milli-siyasilərin ortaqlaşmasını sağlamaqla bu amaca əl tapmaq çox asan olardı. Nə yazı ki, başda Əhməd Obalı bəy olmaqla bu önəmli işi irəli götürənlər diqqətsiz davrandılar. Nədən Obalı bəy? Burada kimsənin sevinməsinə yer yoxdur. Obalı bəyin son illərdəki aktivliyinin Azərbaycan Milli Hərəkatına olumlu etgisini kimsə dana bilməz! Bu qardaşımızın istər Günazda, istər gənəl alanda verdiyi milli mücadilə hər müddəi üçün bir örnək olmalıdır. Sözsüz ki, Obalı bəyin haqqını verməklə kimsənin haqqı əlindən alınmır. Ancaq, bir misal var ki: “Yalnız ölülər yalnış yapmazlar!”. Yaranmış qurumun /Güney Azərbaycan milli Azadlı Cəbhəsi/ yönətim qurulunun 11+2 əsli və əvəz edici tərkibinə bir tablo kimi baxarsaq işimizin nəqər zor olmasını görəcəyik. Burada kimsəni kiçitmək kimi niyyətimin olmadığını vurğulamaq zorundayam. Bu tablonun içində daha təcrübəli və milli yöntələrə tanış olan bir çoxlarının yeri boşdur. Bu isə, gəlməyənlərin suçudur. Gəlib, çırmalanıb iş görənlərə eşq olsun!.

Brüssel toplantısının ən böyük qələbəsini, onun hədəfə doğru irəliləməsi oldu.               Umaram, Brüsseldən çıxan iradənin məhsulu uzun sürəcli olsun. Bu yolda GAMAC öndəliyinin üzərinə düşən çox işlər vardır. Görüşlər, ilişgilər və yeniliklərə yol açmaq bunlardan biridir. Amsterdam və Brüssel kimi dəyərli toplantıların dəvamı üçün sürəkli və ardı kəsilməz dostluq və soydaşlıq ruhu gərəkir.                                                                          “Biz yarandıq, bir qurum olduq. Kim istərsə, bizə gələr, kim istəməzsə, bizdən deyil.” Kimi əski və yıxıcı zehniyyətlərin bir dəfəlik gömürməsi lazimdir. Belə xəstə zehniyyətlərin yox olması üçün, saxta olmayan plüralizmin gərəkir. Bu yolda, GAMAC-ın Yönətimində yerləşən gənc beyinlərin üzərinə ağır yük düşür. İnanıram ki, gənc beyin sahiblərinin bu yöndəki çabaları sonucsuz qalmayacaqdır.

Azərbaycan Milli Hərəkatının sınırlı ideyasının sınırsız olduğunu hərkəs bilir. Sadə deyimlə, Güneydə, Azərbaycanda, Türklükdə sınırlı olan bu hərəkatın amacını dünya üzərində axtarmaq gərəkir. Azərbaycan Milli Hərəkatının qaynağı və mərkəzi Güneydir. Amma bu hərəkatın fikir sınırı gündən-günə Güneydən çıxır və dünyalaşır. Bu isə, Güneyin və İran adlanan bölgənin talei üçün təkcə yoldur. Açığı, Azərbaycanın Güney sorunu İran içi sorun yox, kürəsəl sorun olmalıdır. Bu, bir bəşəriyyət savaşıdır. Keçmiş 30 ildə, dünyanın iradəsi Güney Afriqa Apartaydını diz çökdürdü. 20-il öncə, Rus sevit sistemi, ardıca federal Yoqoslav klonisi düyna gücü ilə, darmadağın oldu. Bu olaydan sonra, yeni-yeni özgürlüklər meydana gəldi. Ancaq, sona qalmış sümürülənlər arasında hələ də, Biz varıq. Biz, bir dünya varlığı olaraq vəhşilik boyunduruğunda qalan acı gərçəyik. Bizim də, insanlıq haqqımız bir dünya varlığıdır. 35 milyonluq bir toplumun bütün haqlarında uzaqda tutulmasının adını ölkə içi problem adlandırmaq olarmı? Biz, Azərbaycan Milli Hərəkatı,nın dışarı qolunu yaratmalı, onu dünyanın ən dərin siyasət qatmanlarına yendirməliyik. Bunun üçün DAK-lar var, Şuralar var, Partiyalar var, Dərnəklər var, İnsan və milli haqları qoruyan örgütlər var vb. Bunlar varkən, bunların gücünü bir ayara toplayan bir Cəbhənin oluşmasının bu millətə nə ziyanı ola bilərki! Amsterdam və Brüssel bu önəm üçün tariximizə damğasını vurdu. Bunu bacardımı, bacarmadı? Söz qonusu işin niyyətindən gedirsə, bacardı diyə bilərik. Yoxsa, söz qonus, olumsuz nöqtələrin böyütməsilə umudsuzluq yaratmaqsa, onda xəstəliyin dərmanını başqa yerdə aramaq lazimdir!

Amsterdam və Brüssel Azərbaycan Milli Hərəkatının kürəsələşməsi üçün atılan bir addımdır. Kaşki, bu addımlara uğur qatmaq yolunda, Panfaşizmin çəngəsindən uzaqlaşan tanınmış milli-siyasi çəxslər də sorunluluq qəbul etseydilər.

       

Sorğu 4:

Bu iki toplantıdaki düşüncə toqquşmasının özülündə taktiksalmı yoxsa stratejik görüşlər yatıbdır?

Sözsüz ki,  çağdaş Azərbaycan Milli Hərəkatı gənc bir hərəkatdır. Azərbaycanın heç bir tarixsəl qalxışında bugünkü ana fikir axını görünməmişdir. Türk tanıtımı, Azərbaycan Türk Millətinin keçmiş siyasal-sosial ayaqlanmalarında unudulmuş yöntəm olmuş sa da, bugün onun ən sarsılmaz və dəyişməz incisi olmuşdur. Azərbaycanın tarixinin bir bütöv olduğunu gözdən atmamaqla yanaşı Türkmənçay Anlaşmasından sonra bütünlüyünü darbalara vermiş bu tarixin çeşidli – Güney, Quzey, Qarayazı-Borçalı, Dərbənd-Həştərxan, Qarabağ-İrəvan vb.- yöntəmlərini də unutmaq mümkünsüzdür. Özəlliklə, bu arada 200 ilə yaxlaşan bir Güney və Quzey tarix detalları ortadadır. Güney tarixində farsçılıq gələnəyinin böyük alanda yer alınmasını nəzərə almadan bilimsəl baxışa yiyələnmək mümkün deyildir. Bu, siyasal və kültürəl axının Çaldıran yenilgəsindən günümüzədək çəkilməsini gözə alarsaq millətimiz üzərində 500-illik bir basqının olmasını görürük. Çaldıran yenilgəsinin ən iki acısı olan – siyasi mərkəzin Azərbaycandan daşınması və iki qardaş dövlətin din üzündən milli varlıqlarını itirməsilə yanaşı qanlı düşmən durumuna düşməsi- hələ də irqçı düşmən tərəfindən propakanta hədəfi kimi qalmaqdadır. Son 20-ildən üzü bəri Dr. Zehtabi kimi millətçi qocamanların çalışması və gənc kəsimin böyük özveri göstərməsi görünməkdədir.  Bu qıssa zaman içində, millətimizin bilimsəl görüşləri olduqca geniş alan almışdır. Artıq, Məşrutə, Xiyabani, Pişəvəri, 29-Bəhmən, Xalq müsəlman kimi kütlə ayaqlanmalarına duyğusal deyil, məntiqsəl araşdırmalar yapılmaqdadır. Həmin yeni baxışların sonucu olaraq May(Xordad) 2006 “Azərbaycan Ulusal Ayaqlanmasına” deyinmək olar. Türkçülük təməlləri üzərində millətimizin milli istiqlal və qurtuluş arzularının tərcümanı olan gənc Güney “Azərbaycan Milli Hərəkatı” yeni çağımızın ulusal inanc hərəkatı olmuşdur.      

Ancaq, milli yöntəmdə nəqədər irəliləmə olsa da, üzülərək etiraf etməliyik ki, hələ də, bəzi mühafizəkar sol düşünürlərin bu dəyişikliği qəbul etmə səviyələri donuq olaraq qalmaqdadır. Bunlar üçün, milli-siyasi söyləm, keçmişdəki sol dialoq anlamı kimi alqılanır. Bu dostların dialoqdan anladıqları yalnız sinif və ictimai qatlar çərçivəsində qalmaqdadır. Onlar, 40-50 illik dərin sinif və siyasi təcrübələrinə dayanaraq, gənc milli düşünürlərin saf, təmiz duyğularından istifadə etmək hiləsi irəli sürürlər. Bu robotlaşmış siyasətin altında həm də dərin mənəmlik psikolojusu yatmaqdadır. Özlərini hərkəsdən savadlı, ağıllı, üstün və elit sanan bu cənabların ilginc iddialarından bir örnəyə baxalım: “Mən bir keyfiyyətəm, minlərcə kəmiyyətdən üstünəm. Mən kəmiyyətlərlə uğraşmaqla dəyərli zəmanımı boşa xərcləmərəm!!”. (eyn ifadələr!) Belə düşünürlərə görə, millət anlamıyla kütlə anlamı eyniləşir. Millət kütlə kimi alqılanır. Savadsız, əzgin və özünü tanımaz kütlənin seçim haqqı yoxdur. Yalnız elit düşünər və lider olar. Bu üzdən, düşünür millətdən üstün dayanan aristokratdır!                                                                              

“Xordad/may” ayaqlanmasından sonra “Azərbaycan Milli Hərəkatı”nın təməl görüşünü oluşduran, Özgür, Bağımsız və Azərbaycan Mərkəzli Türkçü düşüncə özülü daha aydın görünməyə başladı. İrqçı fars dövlətin isə bu tavana qarşı grişimi qat-qat sərtləşdi. Rejim üçün ən qorxunc olay Azərbaycanda yayğınlaşmaqda olan türkçülük və türk yöntəmlikdir. Rejimin bu haqdaki tutumu olduqca doğaldır. Ən azından buna görə ki, var olan irqçı rejim Azərbaycan ayaqlanmasını özü üçün son fəlakət hesab edir və hesabında da yalnış etməyir. Demək, Rejimin Azərbaycana qarşı düşmənçiliyi bəllidir. Ancaq doğal olmayan üzücü bir görüş də ortada vardır. İrqçı dövlət sisteminin 10-cu seçgilərilə başlayan yeni bir rejim içi güc dava ilə yanaşı Güney Azərbaycanın da gündəmində milli-siyasi altirnativləşmə sürəci özünü göstərdi. Rejimin var olan iki rəqib qanadından daha pisinin seçilməsilə haqlı etirazlar baş qaldırdı. Təbriz başda olmaqla Azərbaycan bu mərkəzçi ayaqlanmağa qatılmadı. Başqa anlamla Azərbaycan türklüyü gec bulduğu öz yöntəmini əlindən buraxmaq istəmədi. Azərbaycan bir daha irançılıq yolunda həzinə verməyəcəyini bəlli etdi. Azərbaycan rejimin iç savaşına deyil, öz milli savaşına hazir olacağını göstərdi. Belə olan halda, özümüzdən olan keyfiyyətçi(!) mühafizəkar qələmlər, öz millətini qamçılakən, mərkəzçi Yaşıllar hərəkatına qatılmayan Aərbaycan Milli Hərəkatını geriçilikdə, təcrübəsizlikdə, bir iddə xəyalçı millətçilərin (istiqlalçıların) əlində əsir olmaqda ittiham etdilər. Bu ağalar yazdıqca Azərbaycan Milli Hərəkatı öz düzgün yolunu sürdürdü. Ancaq, bir ürək bolanma ortada qaldı. Atalar demişkən “Milçək murdar eləməz, ürək bulandırar!”

Amsterdamda fikir ixtilafları deyil, səliqə dəyişikliyidir ifadələrinin sıx-sıx qullanılmasına tanıq olduq. Brüssel bu qapalı diplomatik ifadələri üzə çıxardı. Brüssel toplantısı, Azərbaycan aktivistiləri arasında dərin təməl və stratejik düşüncə dəyişikliyinin qacırılmazlığını ortaya qoydu. Hətta daha ötəsi, Brüsseldə istiqlalçıların belə, arasında düşüncə fərqliyi aydınca göründü. Bu görüntü toplantı sonlarında daha netləşdi. Bu plüralizmdir yoxsa, millətaltı əski xəstəlik!? Buna gələn fürsətlərdə toxunacayıq.   

Sorgu 5:

Amsterdam və Brüssel toplantılarında Azərbaycanın diaspora və lobbi proqnosları göründümü?

 

a)    Diaspor

Diaspora daha çox kültürəl və sosial ağırlıqlı olan ölkə dışı vətəndaşlıq və soydaşlıq toplusudur. Gənəl kimlik anlamına sahib olan diaspora fəlsəfəsində siyasi yükümlülük təyin edici rol almamaqdadır. Siyasətin zatında var olan hücümçü ruhla diasporanı düşünmək doğru deyildir. Diasporanın doğrudan birləşdirici və toparlayıcı fəlsəfəsilə siyasətin dar qapsamını qarşılaşdırmaq olmaz. Diasporanın ideolojiklə də yaxından ilişgisi olamaz! İdeolojiya bəlli fikir dördgenində tərif olan anlamdır. Diasporanın daha çox bir milli fəlsəfə olduğunu nəzərə alarsaq, onu vahid bir millət-dövlətin öz sınırlarından kənardaki kütləsinin  birləşdimə mekanizmi adlandırmaq olar. Bu üzdən, diaspora ümummilli alanda oluşan sınır dışı bir savunma çabasıdır. Buna görə, şiddətlə bütövçü və siyasətdən qaçan kültürəl və sosial meylə yönəlikdir. Diaspora təşkilatlanmasıyla bəlli dil, tarix, din, kültür, sosial birlikləri yaranar. Son illərdə Quzeydən və Güneydən gələn minlərcə ailənin məhz Azərbaycan adı altında bir araya gəlməsilə saysız dərnək, cəmiyyət və milli birliklər formalaşmışdır. Öz pərəm-parça vətənində birlikdən yoxsun qalan bir millətin çeşidli kültürlər basqısında fərqlənmiş psikolojisini yalnız Vətən sevgisi altında bir arada saxlamaq olar. Son illərdə, dar və cahil amaclar üzündən siyasi görüşlərin Azərbaycan Diasporasına girməsinin və alanın siyasiləşməsinin şahidi olmaqdayıq. Elə bu üzdən, Azərbaycanın ümummilli maraqlarının zədələnməsini, dərin çatlamasını görürük. Sadə bir sözlə, diaspor varlığı ilə lobbiçilik anlamını dəyişik tutanlarn üzündən formalaşmaqda doğal sorunlar yaşayan diyasporumuzun durumu irəli getməkdənsə, geri dönüş yaşamaqdadır. Belə davranan soydaşlar, bu dərk etməlidirlər ki, Azərbaycan diasporunun siyasi yöntəm alma gücü və mahiyyəti yoxdur. Çünki, Azərbaycanda istabilləşmiş hakimiyyət və müxalifət ilişgisinin olmamasıyla yanı-sıra, həm də siyasi durum baxımından Güney, Quzey fərqlikliyi vardır.

Çox sevindirici haldır ki, istər Amsterdam, istərsə Brüssel toplantılarında Azərbaycan diasporu qonusunda hər hansı ciddi düşüncə ortaya qoyulmadı. Çünki, bu toplantıların hədəfində Güneyin milli-siyasi hərəkatı var idi. Bu iki toplantının bütün yazılı və söyləm məntiğinin yönü Güney idi. Azərbaycan diasporunun güclü olduğunu fərz edərsək, yalnız onun bu kimi toplantılara səssiz dəstəyini düşünmək olar. Əks halda Amsterdam və Brüssel kimi tək yönlü toplantıların Azərbaycan diasporuna ziyan verici məqsəd dəyişməsini gözdən qaçırmaq olmaz.

b)    Lobbi

Lobbiçilik diasporanın tərsinə bir siyasi yöntəmə malikdir. Bəzi labbi mərkəzlərinin siyasi hədəflər üzərinə örtük salmasnın məhz siyasi bir manovra olmasını da göz önünə almaq gərəkir. Lobbi bəlli bir siyasi hədəfin (İqtidar vəya müxalifət) dış qolunun propakanta gücüdür. Elə buna görə, davacıl, hücümçü və bəlli dövlət vəya millətə qarşı yönlənmiş siyasi amaclı qurumdur. Örnək olaraq dünyanın bütün siyasi alanlarında faktik güc kimi tanınan Yəhudi, Yunan, Ərməni və gedərək güclənməkdə olan Kürd lobbilərindən ad aparmaq olar. Bu qurumların daha çox diaspora mərkəzlərindən siyasi kadr güc toplamasını və onlara proffesiyonelcə yöntəm verməsini görmək olar. Diasporanın tərsinə Lobbiçiliyin ən əssas fəaliyyət dairəsi yerli siyasilərin içidir. Bu yolda üniversitetlər, elmi mərkəzlər, siyasi araşdırma məkanları, böyük ticarət alanları ən əlverişli çalışma yerlərdir. Mali sektorlarla yanaşı elmi mərkəzlərdə eyitimləşən siyasi kadrların yetişdirilməsi yerli dövlətlərin də maraq dairəsinə hizmət edir. Kürəsəl dünyanın siasal diplomatiyasında lobbi mərkəzlərinin geniş rolu vardır. Yenə örnək olaraq dünyanın ən nəhəng lobbi mərkəzi olan Yəhudi Lobbisinin Amerika siyasətində olan danılmaz roludur. Bu Lobbi təşkilatı oxtapus kimi dünyanın bütün mali və siyasi dalanlarına qol atmışdır. Amerikanın hər hansı siyasi hakimiyyətində İsrailin markası vurulmaqdadır. Bunun səbəbi isə, Yəhudi lobbisidir. Buna bədəl Amerikanın da ekonomik maraqları bu lobbilər tərəfindən qorunur. Bu haqda, həmin lobbilərə bağlı olan Yəhudi kəlan trastlara və kartellərə işarə etmək olar. Amerika üzdə İran adlanan dövlətə qarşı ambarqo uyqulayır. Həmin lobbinin himayəsində olan sınırlar ötəsi şirkətlər isə qaçaq yollarla ehtiyac olan materilları arxa qapıdan İran sınırlarına daşıyır. Bu iki başlı oyundan Amerika dövlətinin əldə etdiyi vergi və dəllalıq qazancı qat-qat artır, Lobbi isə özünə aid olan banklarını, mali qaynaqlarını sürəcli olaraq qorur. Son zamanlar İran adına iki Lobbinin ortaya gəlməsinə tanıq olmaqdadıq. Azərbaycana gəlincə, ortada hər hansı Lobbi adına bir girişim yoxdur desək yanımamışıq. Amsterdam və Brüssel toplantılarını yönətənlərin gizli zehniyyətində belə bir girişimin olmasını ümid edə bilərikmi, yoxsa...? Məncə, Brüssel toplantısının alt bilincində belə bir girişimin olması çox uğurlu istəkdir. Ancaq, Brüssel toplantısında illərini Azərbaycanın Güneyinə və bütövlüyünə verənlərin olmaması və olanlara da təmiz ürəklə yanaşılmaması üzündən milli-siyasi kadr boşluğunda olan Güney AMAC(GAMAC)-la lobbiçiliyə getmək olarmı, olmazmı? Bunu gələcək göstərəcək!   

Sonuc:

Brüssel toplantısını ələşdirən bəzi sol soydaşlara görə, orada heç bir uğurlu hal yox idi. Sözsüz ki, bütün siyasi fəaliyyət və yaşam həssasiyyətlərini Azərbaycanın türkçü düşüncəsini məhv etmək yolunda qoyan bu soydaşların fikrincə Brüssel bir uğur olabilməz idi. Çünki, Brüssel bir çayxana məhvili deyil, bir iş mikanizminin yöntəmini açan toplantı idi. Bunu qazandımı qazanmadımı? Söz qonusu bu deyil. Söz qonusu Azərbaycan Türk Millətinin məhz öz inanclarına və əldə etdiyi simgə varlıqlarına dayanaraq özgür, bağımsız tam istiqlal yola addım atmasıdır. Təbiki, bu soydaşların belə yöntəmləri dərk etmə hazırlıqları yoxdur. Bu soydaşların vaxtıyla BAB, DAK, Milli Şüra, milli partilər və qurumların da yaranmasında  VətənPərvər mövqeləli belə olmuşdur. Bugün də belə, sabahda belə olacaqdır. Millət öz yoluna, bu soydaşlar inkar yoluna! Bizim əlimizdə nə gələr ki!!

Bütün çalarlarıyla, Brüssel Toplantısı bir amac doğruntusunda atılan uğurlu addım oldu. Orada yaranan yeni qurumun, Azərbaycan Milli Hərəkatına nələr verəcəyini dözərək görəcəyik. Brüssel Toplantısının möhürü və damğası, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi-dir. Bu damğanın gələcəkdə haralara vurulmasıyla Brüssel Toplantısının düzgün dəyəri ortaya çıxacaqdır. Umaram, hər hansı nədəndən Amsterdam və Brüssel toplantılarında olmayan milli qurum və şəxslərin də ürəkdən qatılımı ilə GAMAC yönətiminin çiyinindəki yük, hərkəs sarından bir milli borc kimi mənimsənsin!

Son

e_qaradagli@yahoo-se

2010-07-15



 
 

  بروسسئل ديالوق توپلانتيسيندان سونرا يئرده قالان 5 سورغو! 

  ائلدار قاراداغلي 

  چوخ سسلي آمستئردام توپلانتيسي نين آردينجا سسسيز بروسسئل توپلانتيسي دا آذربايجانين ميللي-سياسي تاريخينه قوووشدو. آنجاق اورتادا قالان بير چوخ سورغو اولدو. بو يازي نين آماجي قيسسا و کونکرئت اولاراق بو سورغولاري يانيتلاماقدير. 

  1. چوخ سايلي آمستئردام توپلانتيسيندان سونرا آز سايلي بروسسئل توپلانتيسينا نئجه باخماق اولار؟ 

  2. بو ايکي آردجيل توپلانتي نين بير-بيريندن فرقليگي نده دير؟ 

  3. بو ايکي توپلانتي نين آذربايجان ميللي هرکاتينا قازانجي اولدومو؟ 

  4. بو ايکي توپلانتيداکي دوشونجه توققوشماسي نين اؤزولونده تاکتيکسالمي يوخسا ستراتئژيک گؤروشلر ياتيبدير؟ 

  5. آمستئردام و بروسسئل توپلانتيلاريندا آذربايجانين دياسپورا و لوببي پروقنوسلاري اولدومو؟  

  سورغو 1:  

  چوخ سايلي آمستئردام توپلانتيسيندان سونرا آز سايلي بروسسئل توپلانتيسينا نئجه باخماق اولار؟ 

  بروسسئلده کي  هاوانين آمستئرداما گؤره چوخ آيدين و نئت اولماسي نين آلتيني جيزيرم. چونکي، بروسسئل تام آنلامييلا ديالوق توپلانتيسي دئييلدير. آمستئردامدا گون قونوسو ديالوق ايدي. بروسسئلده آمستئردامين اميرلري نين حياتا کئچيريلمه سي ايلک و سون سؤز ايدي. باشقا سؤزله دئسک، آمستئردام داها چوخ گئچه اودونا گئدنلرين توپلانتيسي، بروسسئل ايسه، سحر يولا چيخانلاري قاتاري ايدي. (اتالار سؤزو: گئجه اودونا گئدن چوخ اولار، سحر بير آچيلسين گؤرريک کيم گئدر، کيم قالار!) بروسسئل توپلانتيسي نين ايراده سينه گؤره، آمستئردام توپلانتيسي نين 12 ماده ليک سونوج بيلديريسي نين بير داها دانيشيقلارا وئريلمه سي آنلامسيز ايدي. بو اوزدن بروسسئل توپلانتيسي نين فونکسييونونون آمستئردام آردي اولماسي دا، يالنيز مئکانيکسل آنلام داشيييردي. بئله کي، بير يئني قورولوشون يارانماسي بروسسئلين گوندمينده دايانميشدير. بعضي قوروملار و شخصلرين بورئسسئلين ديالوق توپلانتيسي قالماسي آرزوسو بو اوزدن بوشا چيخميشدير. اينحيصارچيليقلا موباريز(!؟) آدينا، گلمه يهنلر ده وار ايدي. بو قوروم و شخصلره اولان سايغيميزي بير داها وورغولاماقلا بورئسسئلده اولماماقلاريني يالنيش بير آلغيلاما حساب ائديرم. بو دوستلارين آنتي اينحيصارچي فيقورلاري نين آرخاسيندا جيديتي اولمايان مقاملارا توخونماماقدان کئچمک اولماز. ياخينا گليب ايشين بير طرفيندن ياپيشماق يئرينه اوزاقدا دوروب الشديرمه طرزيله بير يئره وارماق اولماز! چوخو ميلتچيلردن اولان بو دوستلارين اؤز قوروملارينا آشيري هسساس اولماقلاري هئچ بئله دوغرو دئييل. آماج پارتيياچيليق، قورومچولوق دئييل. اورتادا عصارتده اولان بير ميلت وارسا، قوتسال اولان يالنيز آماجدير. بو بؤيوکلوکده دردي دوياراق بيرليک چابالارينا دال چئويرمگين معناسيني آنلاماق مومکون دئييلدير. بو دوستلارين بروسسئلده اولماماسي نين تمه لينده گيزلي بير اؤنيايغيني دا دويماق اولار. اونلار بئله دوشونورلر کي، کيمسه لرين تاثيري آلتيندا قالاجاقلار ويا کيمسه لرين بؤيومه سي اوچون آراج اولاجاقلار. بورادا بير سورغو اورتايا گلير. بئله کي، ايچيميزدن اولانلارين بؤيومه سيني انگلله مکله هانسي قورتولوشدان سؤز آچماق اولار؟ عجبا، واختييلا در. چئهرقانليني سيرادان چيخارماغا چاليشانلارين سويو کيمين آرخينا آخدي؟ بوگون در. چئهرقانلي چکيليب ائوينده اوتوروبدور. بو، يوخسونلوغون خئيريني کيم گؤردو؟ يازيق او باغوانا کي، قيشين شاختاسيندان قورتولماق اوچون هر گون باغي نين بير آغاجيني بالتالير.  

  بروسسئل توپلانتيسي نين کيشيسل ائتگينليکلردن قورونماسي نين يولو تانينميش قوروم و شخصلرين اوردا اولماسي ايدي. اينحيصارچيليغي باهانا توتاراق بروسسئله گلمه يهنلرين اينحيصارچي دوشونجه لرينه بير گؤز آتاليم:  " چون من بير قوروم کيمي وارام، باشقا بير قورومون يارانماسي منيم ايذنيمله، منيم ائتگينليگيمله اولماليدير. يوخسا من يوخام! "  ويا  " گونئيين بيزدن نه ايستگي بير يانا قالسين، بيزيم گونئيه نه وئره جگيميزي دوشونمه ليگيک! " آلتي جيزيلميش ايکي جومله نين ماهيتينه ديقتله باخارساق. دوشونجه ده اولان بولانيقليغي آيدينجا گؤرريک. گونئيين ديشاريداکيلاردان بيرليک ايستگينه کيمسه قارشي چيخمايير. آنجاق، ايشه گلينجه قوروم و بيرر سليقه لرين اوستونلوگو هر شئيي پوزور. نه يازيق کي، گونئيه عاغيل وئرمکده، مصلحت گؤرمکده هامي بير-بيريله ياريشا گيرميش دورومدادير. بروسسئل توپلانتيسي نين قايه سي بو داغيناقليغا سون قويماق ايدي. بو اوزدن، هر هانسي سببدن بو سونوجا هازير اولمايانلارين بروسسئلده يئرلري بوش گؤروندو. بروسسئل بوندان داها قالابالليق ويا بوندان داها دا آزسايلي اولا بيلردير. اونوتماماق گره کي ر کي، حدف داشيييجيسي اولان اينسانين ديري ماتيماتيک اؤلچولره سيغمازدير. دونيانين ان نهنگ هرکاتي نين ايراده لرله يارانماسيني نظره آلارساق، بروسسئل توپلانتيسيندا ايراده سرگيله ينلري، ميليونلار آرزونون نوماينده سي حساب ائتمک اولار.  

  سورغو 2: 

  بو ايکي آردجيل توپلانتي نين بير-بيريندن فقليگي نه اولد؟ 

  آمستئردام توپلانتيسي قاپالي سياسي تاکتيکالار مئيدانييدي. آمستئردام توپلانتيسي نين حدفي يالنيزجا ديالوق اولدوغو اوچون، اورتادا وار اولان گيزليليک آچيلمادي. آمستئردامداکي 12 مادده ليک اورتاق بيلديري کاغيذ اوزريندن ايره لي گئتمه دي. بو اوزدن، ايشده و عملده نه کيمي آيرينتيلارين يارانماسي دا قاپالي قالدي. همين بيلديري نين بروسسئلده کي  گؤروي نين ايجراچي اولماسييلا باشلايان چئشيدلي يوزوملار دا آيدينجا گؤرونمه يه باشلادي. بئله کي، آمستئردامدا اولان اورتاق مادده لرين بروسسئلده کي  يوزومو دييشيک فورمالار آلدي. ساده آنلاملا دئسک آمستئردامداکي قازانين بروسسئلده قاپاغي آچيلدي. آمستئردامدا ساکين و سسسيزجه توپلانتي نين اورتاغليغينا اوستونلوک وئرن گنج دوشونورلرين بروسسئلده کي  اولوسالليق هسساسيتلري اوزه چيخدي. آمستئردامدا ايکي تاکتيکانين بير آرادا اولماسيني دوشوننلر، بروسسئلده بونلارين تاکتيکا دئييل، ستراتئژيک يؤنتملي اولماسيني درک ائتديلر. آذربايجان مرکزلي تورکجو دوشونجه و ايران مرکزلي فئدئرال آذربايجان گؤروشلري ايکي قاچيريلماز دوشونجه کيمي قارشي-قارشييا دوردو. بو سورج تام توپلانتي نين بير گونونو آلدي. سونوندا ايسه، موحافيظ اکار سولچو آذربايجانچيليق و چاغداش گنج تورکچو آذربايجانليليق آراسيندا اولان دوشونجه آيرينتيسي آيدينجا اوزه چيخاراق موحافيظ اکار سولچو آذربايجانچيليق قورومون دؤزومسوزلوگو ايله سونا چاتدي. بروسسئلده بو ايکي چئشيدلي دوشونجه نين باريش اورتاسيني آختارانلار بؤيوک ازيتلره قاتلانسالار دا، نه يازيق کي، اوغورسوز قالديلار. بو آرا، احمد اوبالي بيين اوزون سورجلي تو چابالاري نين آرديندان بروسسئلده کي  تر دؤکمه سي ده، موحافيظ اکار سويداشلار طرفيندن يانيتسيز بوراخيلدي. بو سويداشلارين آشيري ايستکلريندن يالنيز کيچيک بير بؤلومونه توخونورام: بو سويداشلارين کيچيک بير قوروم اولدوقلارينا باخماياراق، هر ايشين باشيندا اولما سيلري، يئني ياراناجاق قوروما بئيين اولماق ايستکلري ايلگي چکن ايدي. بو سويداشلارين ايديالارينا ضيد اولان آماتورجا بير داورانيشا ايشاره ائتمک مقصده اويغوندور: سئچيملره آداي اولما زماني، هرکس اؤزونو ويا آداييني تانيتارکن، بو دوستلار طرفيندن توپلانتييا قاتيلمايان ايکي سويداشين آدايليغي ايره لي سورولدو. دئموکراتليغا هايقيري اولان بو داورانيشا اعتيراض ائدن توپلانتي اورتاقلاري آدايليق ائلان ائدن شخص طرفيندن دلي-نصيحته و قارشي اعتيراضا معروض قالديلار. توپلانتي بو توتاليتار طرزه يول وئرمگينجه بو قورومون توپلانتيني ترک ائتمه سي آنلاشيلدي. سؤزسوز کي، بئله داورانيشلار نتيجه سينده، توپلانتيدا آغير و اولومسوز هاوا يارانميش اولدو. آنجاق، توپلانتي نين يوکسک ايراده سيني بو اويونلار پوزا بيلمه دي. توپلانتي اؤنونه قويدوغو آماجا دوغرو ايره ليله دي.  

  سورغو 3: 

  بو ايکي توپلانتي نين آذربايجان ميللي هرکاتينا قازانجي اولدومو؟  

  ايلک باشدا دئمه لييم کي، من توپلانتي نين ايکي-اوچ و حتّی نئچه آيلار ائرتلنمه سيندن يانايديم. سببيم چوخ آيديندير. بئله بير گرکن قورومون يارانماسي نين گئنيش ميللي-سياسي کادير طلب ائتمه سيني گؤرمه مزليکدن گه لرسک بؤيوک يالنيشليقداييق. بروسسئل توپلانتيسي نين داها داياناجاقلي و اوزون عؤمورلو سونوج وئرمه سي اوچون تجروبه لي و چئوره لي ميللي-سياسي آکتيولرين بير آرايا گلمه سي گره کي ردي. بروسسئل بونا نايل اولمادي. بونون ندني ايسه، آنلامسيز تلسکنليک ايدي. حال بوکي، بيراز خوشگؤرو، بيراز اؤزوئري و بو يولون آغير داشلاري اولان ميللي-سياسيلرين اورتاقلاشماسيني ساغلاماقلا بو آماجا ال تاپماق چوخ آسان اولاردي. نه يازي کي، باشدا احمد اوبالي بي اولماقلا بو اؤنملي ايشي ايره لي گؤتورنلر ديقتسيز داورانديلار. ندن اوبالي بي؟ بورادا کيمسه نين سئوينمه سينه يئر يوخدور. اوبالي بيين سون ايللرده کي  آکتيوليگي نين آذربايجان ميللي هرکاتينا اولوملو ائتگيسيني کيمسه دانا بيلمز! بو قارداشيميزين ايستر گونازدا، ايستر گنل آلاندا وئرديگي ميللي موجاديله هر مودعي اوچون بير اؤرنک اولماليدير. سؤزسوز کي، اوبالي بيين حاقيني وئرمکله کيمسه نين حاقي اليندن آلينمير. آنجاق، بير ميثال وار کي:  " يالنيز اؤلولر يالنيش ياپمازلار! " . يارانميش قورومون /گونئي آذربايجان ميللي آزادلي جبهه سي/ يؤنتيم قورولونون 11+2 اصلی و عوض ائديجي ترکيبينه بير تابلو کيمي باخارساق ايشيميزين نقر زور اولماسيني گؤره جگيک. بورادا کيمسه ني کيچيتمک کيمي نيتيمين اولماديغيني وورغولاماق زوروندايام. بو تابلونون ايچينده داها تجروبه لي و ميللي يؤنته لره تانيش اولان بير چوخلاري نين يئري بوشدور. بو ايسه، گلمه يهنلرين سوچودور. گليب، چيرمالانيب ايش گؤرنلره عشق اولسون!. 

  بروسسئل توپلانتيسي نين ان بؤيوک قلبه سيني، اونون حدفه دوغرو ايره ليله مه سي اولدو. اومارام، بروسسئلدن چيخان ايراده نين محصولو اوزون سورجلي اولسون. بو يولدا گاماج اؤنده ليگي نين اوزرينه دوشن چوخ ايشلر واردير. گؤروشلر، ايليشگيلر و يئنيليکلره يول آچماق بونلاردان بيريدير. آمستئردام و بروسسئل کيمي ديرلي توپلانتيلارين دوامي اوچون سورکلي و آردي کسيلمز دوستلوق و سويداشليق روحو گره کي ر.  " بيز يارانديق، بير قوروم اولدوق. کيم ايسترسه، بيزه گه لر، کيم ايسته مزسه، بيزدن دئييل. "  کيمي اسکي و ييخيجي ذهنيتلرين بير دفعه ليک گؤمورمه سي لازيمدير. بئله خسته ذهنيتلرين يوخ اولماسي اوچون، ساختا اولمايان پلوراليزمين گره کي ر. بو يولدا، گاماج-اين يؤنتيمينده يئرلشن گنج بئيينلرين اوزرينه آغير يوک دوشور. اينانيرام کي، گنج بئيين صاحيبلري نين بو يؤنده کي  چابالاري سونوجسوز قالماياجاقدير. 

  آذربايجان ميللي هرکاتي نين سينيرلي ايدئياسي نين سينيرسيز اولدوغونو هرکس بيلير. ساده دئييمله، گونئيده، آذربايجاندا، تورکلوکده سينيرلي اولان بو هرکاتين آماجيني دونيا اوزرينده آختارماق گره کي ر. آذربايجان ميللي هرکاتي نين قايناغي و مرکزي گونئيدير. آما بو هرکاتين فيکير سينيري گوندن-گونه گونئيدن چيخير و دونيالاشير. بو ايسه، گونئيين و ايران آدلانان بؤلگه نين طالعي اوچون تکجه يولدور. آچيغي، آذربايجانين گونئي سورونو ايران ايچي سورون يوخ، کورسل سورون اولماليدير. بو، بير بشريت ساواشيدير. کئچميش 30 ايلده، دونيانين ايراده سي گونئي آفريقا آپارتايديني ديز چؤکدوردو. 20-ايل اؤنجه، روس سئويت سيستئمي، آرديجا فئدئرال يوقوسلاو کلونيسي دوينا گوجو ايله، دارماداغين اولدو. بو اولايدان سونرا، يئني-يئني اؤزگورلوکلر مئيدانا گلدي. آنجاق، سونا قالميش سومورولنلر آراسيندا هله ده، بيز واريق. بيز، بير دونيا وارليغي اولاراق وحشيليک بويوندوروغوندا قالان آجي گرچگيک. بيزيم ده، اينسانليق حاقيميز بير دونيا وارليغيدير. 35 ميليونلوق بير توپلومون بوتون هاقلاريندا اوزاقدا توتولماسي نين آديني اؤلکه ايچي پروبلئم آدلانديرماق اولارمي؟ بيز، آذربايجان ميللي هرکاتي،نين ديشاري قولونو ياراتمالي، اونو دونيانين ان درين سيياست قاتمانلارينا يئنديرمه ليگيک. بونون اوچون داک-لار وار، شورالار وار، پارتييالار وار، درنکلر وار، اينسان و ميللي هاقلاري قورويان اؤرگوتلر وار وب. بونلار وارکن، بونلارين گوجونو بير آيارا توپلايان بير جبهه نين اولوشماسي نين بو ميلته نه ضياني اولا بيلرکي! آمستئردام و بروسسئل بو اؤنم اوچون تاريخيميزه دامغاسيني ووردو. بونو باجارديمي، باجارمادي؟ سؤز قونوسو ايشين نيتيندن گئديرسه، باجاردي دييه بيلريک. يوخسا، سؤز قونوس، اولومسوز نؤقته لرين بؤيوتمه سيله اومودسوزلوق ياراتماقسا، اوندا خسته ليگين درمانيني باشقا يئرده آراماق لازيمدير! 

  آمستئردام و بروسسئل آذربايجان ميللي هرکاتي نين کورسلشمه سي اوچون آتيلان بير آدديمدير. کاشکي، بو آدديملارا اوغور قاتماق يولوندا، پانفاشيزمين چنگه سيندن اوزاقلاشان تانينميش ميللي-سياسي چخسلر ده سورونلولوق قبول ائتسئيديلر. 

  سورغو 4: 

  بو ايکي توپلانتيداکي دوشونجه توققوشماسي نين اؤزولونده تاکتيکسالمي يوخسا ستراتئژيک گؤروشلر ياتيبدير؟ 

  سؤزسوز کي، چاغداش آذربايجان ميللي هرکاتي گنج بير هرکاتدير. آذربايجانين هئچ بير تاريخسل قالخيشيندا بوگونکو آنا فيکير آخيني گؤرونمه ميشدير. تورک تانيتيمي، آذربايجان تورک ميلتي نين کئچميش سيياسال-سوسيال آياقلانمالاريندا اونودولموش يؤنتم اولموش سا دا، بوگون اونون ان سارسيلماز و دييشمز اينجيسي اولموشدور. آذربايجانين تاريخي نين بير بوتؤو اولدوغونو گؤزدن آتماماقلا ياناشي تورکمنچاي آنلاشماسيندان سونرا بوتونلوگونو داربالارا وئرميش بو تاريخين چئشيدلي – گونئي، قوزئي، قارايازي-بورچالي، دربند-هشترخان، قاراباغ-ايروان وب.- يؤنتملريني ده اونوتماق مومکونسوزدور. اؤزلليکله، بو آرادا 200 ايله ياخلاشان بير گونئي و قوزئي تاريخ دئتاللاري اورتادادير. گونئي تاريخينده فارسچيليق گلنگي نين بؤيوک آلاندا يئر آلينماسيني نظره آلمادان بيليمسل باخيشا يييلنمک مومکون دئييلدير. بو، سيياسال و کولتورل آخي نين چالديران يئنيلگه سيندن گونوموزه دهک چکيلمه سيني گؤزه آلارساق ميلتيميز اوزرينده 500-ايلليک بير باسقي نين اولماسيني گؤروروک. چالديران يئنيلگه سي نين ان ايکي آجيسي اولان – سياسي مرکزين آذربايجاندان داشينماسي و ايکي قارداش دؤولتين دين اوزوندن ميللي وارليقلاريني ايتيرمه سيله ياناشي قانلي دوشمن دورومونا دوشمه سي- هله ده عيرقچي دوشمن طرفيندن پروپاکانتا حدفي کيمي قالماقدادير. سون 20-ايلدن اوزو بري در. زئهتابي کيمي ميلتچي قوجامانلارين چاليشماسي و گنج کسيمين بؤيوک اؤزوئري گؤسترمه سي گؤرونمکده دير. بو قيسسا زامان ايچينده، ميلتيميزين بيليمسل گؤروشلري اولدوقجا گئنيش آلان آلميشدير. آرتيق، مشروطه، خياباني، پيشوري، 29-بهمن، خالق موسلمان کيمي کوتله آياقلانمالارينا دويغوسال دئييل، منطيقسل آراشديرمالار ياپيلماقدادير. همين يئني باخيشلارين سونوجو اولاراق ماي(خورداد) 2006  " آذربايجان اولوسال آياقلانماسينا "  دئيينمک اولار. تورکچولوک تمللري اوزرينده ميلتيميزين ميللي ايستيقلال و قورتولوش آرزولاري نين ترجوماني اولان گنج گونئي  " آذربايجان ميللي هرکاتي "  يئني چاغيميزين اولوسال اينانج هرکاتي اولموشدور.  

  آنجاق، ميللي يؤنتمده نقه دهر ايره ليله مه اولسا دا، اوزوله رک اعتيراف ائتمه ليگيک کي، هله ده، بعضي موحافيظ اکار سول دوشونورلرين بو دييشيکليغي قبول ائتمه سوييه لري دونوق اولاراق قالماقدادير. بونلار اوچون، ميللي-سياسي سؤيلم، کئچميشده کي  سول ديالوق آنلامي کيمي آلقيلانير. بو دوستلارين ديالوقدان آنلاديقلاري يالنيز سينيف و ايجتيماي قاتلار چرچيوه سينده قالماقدادير. اونلار، 40-50 ايلليک درين سينيف و سياسي تجروبه لرينه داياناراق، گنج ميللي دوشونورلرين صاف، تميز دويغولاريندان ايستيفاده ائتمک هيله سي ايره لي سورورلر. بو روبوتلاشميش سيياستين آلتيندا هم ده درين منمليک پسيکولوژوسو ياتماقدادير. اؤزلريني هرکسدن ساوادلي، عاغيللي، اوستون و ائليت سانان بو جنابلارين ايلگينج ايديعالاريندان بير اؤرنه يه باخاليم:  " من بير کئيفيتم، مينلرجه کميتدن اوستونم. من کميتلرله اوغراشماقلا ديرلي زمانيمي بوشا خرجله مرم!! " . (ئين ايفاده لر!) بئله دوشونورلره گؤره، ميلت آنلامييلا کوتله آنلامي عئينيلشير. ميلت کوتله کيمي آلقيلانير. ساوادسيز، ازگين و اؤزونو تانيماز کوتله نين سئچيم حاقي يوخدور. يالنيز ائليت دوشونر و ليدئر اولار. بو اوزدن، دوشونور ميلتدن اوستون دايانان آريستوکراتدير!  

   " خورداد/ماي "  آياقلانماسيندان سونرا  " آذربايجان ميللي هرکاتي " نين تمل گؤروشونو اولوشدوران، اؤزگور، باغيمسيز و آذربايجان مرکزلي تورکچو دوشونجه اؤزولو داها آيدين گؤرونمه يه باشلادي. عيرقچي فارس دؤولتين ايسه بو تاوانا قارشي گريشيمي قات-قات سرتلشدي. رئژيم اوچون ان قورخونج اولاي آذربايجاندا يايغينلاشماقدا اولان تورکچولوک و تورک يؤنتمليکدير. رئژيمين بو هاقداکي توتومو اولدوقجا دوغالدير. ان آزيندان بونا گؤره کي، وار اولان عيرقچي رئژيم آذربايجان آياقلانماسيني اؤزو اوچون سون فلاکت حساب ائدير و حسابيندا دا يالنيش ائتمه يير. دئمک، رئژيمين آذربايجانا قارشي دوشمنچيليگي بلليدير. آنجاق دوغال اولمايان اوزوجو بير گؤروش ده اورتادا واردير. عيرقچي دؤولت سيستئمي نين 10-جو سئچگيلريله باشلايان يئني بير رئژيم ايچي گوج داعوا ايله ياناشي گونئي آذربايجانين دا گوندمينده ميللي-سياسي آلتيرناتيولشمه سورجي اؤزونو گؤستردي. رئژيمين وار اولان ايکي رقيب قاناديندان داها پيسي نين سئچيلمه سيله هاقلي اعتيراضلار باش قالديردي. تبريز باشدا اولماقلا آذربايجان بو مرکزچي آياقلانماغا قاتيلمادي. باشقا آنلاملا آذربايجان تورکلوگو گئج بولدوغو اؤز يؤنتميني اليندن بوراخماق ايستمه دي. آذربايجان بير داها ايرانچيليق يولوندا حزينه وئرميه جگيني بللي ائتدي. آذربايجان رئژيمين ايچ ساواشينا دئييل، اؤز ميللي ساواشينا هازير اولاجاغيني گؤستردي. بئله اولان حالدا، اؤزوموزدن اولان کئيفيتچي(!) موحافيظ اکار قلملر، اؤز ميلتيني قامچيلاکن، مرکزچي ياشيللار هرکاتينا قاتيلمايان آربايجان ميللي هرکاتيني گئريچيليکده، تجروبه سيزليکده، بير عيده  خيالچي ميلتچيلرين (يستيقلالچيلارين) الينده اسير اولماقدا ايتتيهام ائتديلر. بو آغالار يازديقجا آذربايجان ميللي هرکاتي اؤز دوزگون يولونو سوردوردو. آنجاق، بير اورک بولانما اورتادا قالدي. آتالار دئميشکن  " ميلچک موردار ائله مز، اورک بولانديرار! "  

  آمستئردامدا فيکير ايختيلافلاري دئييل، سليقه دييشيکليگيدير ايفاده لري نين سيخ-سيخ قوللانيلماسينا تانيق اولدوق. بروسسئل بو قاپالي ديپلوماتيک ايفاده لري اوزه چيخاردي. بروسسئل توپلانتيسي، آذربايجان آکتيويستيلري آراسيندا درين تمل و ستراتئژيک دوشونجه دييشيکليگي نين قاجيريلمازليغيني اورتايا قويدو. حتّی داها اؤتسي، بروسسئلده ايستيقلالچيلارين بئله، آراسيندا دوشونجه فرقليگي آيدينجا گؤروندو. بو گؤرونتو توپلانتي سونلاريندا داها نئتلشدي. بو پلوراليزمدير يوخسا، ميلتالتي اسکي خسته ليک!؟ بونا گلن فورصتلرده توخوناجاييق.  

  سورگو 5: 

  آمستئردام و بروسسئل توپلانتيلاريندا آذربايجانين دياسپورا و لوببي پروقنوسلاري گؤروندومو؟  

  آ) دياسپور 

  دياسپورا داها چوخ کولتورل و سوسيال آغيرليقلي اولان اؤلکه ديشي وطنداشليق و سويداشليق توپلوسودور. گنل کيمليک آنلامينا صاحيب اولان دياسپورا فلسفه سينده سياسي يوکوملولوک تعيين ائديجي رول آلماماقدادير. سيياستين زاتيندا وار اولان هوجومچو روحلا دياسپوراني دوشونمک دوغرو دئييلدير. دياسپورانين دوغرودان بيرلشديريجي و توپارلاييجي فلسفه سيله سيياستين دار قاپساميني قارشيلاشديرماق اولماز. دياسپورانين ايدئولوژيکله ده ياخيندان ايليشگيسي اولاماز! ايدئولوژييا بللي فيکير دؤردگئنينده تعريف اولان آنلامدير. دياسپورانين داها چوخ بير ميللي فلسفه اولدوغونو نظره آلارساق، اونو واحيد بير ميلت-دؤولتين اؤز سينيرلاريندان کنارداکي کوتله سي نين بيرلشديمه مئکانيزمي آدلانديرماق اولار. بو اوزدن، دياسپورا عومومميللي آلاندا اولوشان سينير ديشي بير ساوونما چاباسيدير. بونا گؤره، شيددتله بوتؤوچو و سيياستدن قاچان کولتورل و سوسيال مئيله يؤنه ليکدير. دياسپورا تشکيلاتلانماسييلا بللي ديل، تاريخ، دين، کولتور، سوسيال بيرليکلري يارانار. سون ايللرده قوزئيدن و گونئيدن گلن مينلرجه عاييله نين محض آذربايجان آدي آلتيندا بير آرايا گلمه سيله سايسيز درنک، جمعيت و ميللي بيرليکلر فورمالاشميشدير. اؤز پرم-پارچا وطنينده بيرليکدن يوخسون قالان بير ميلتين چئشيدلي کولتورلر باسقيسيندا فرقلنميش پسيکولوژيسيني يالنيز وطن سئوگيسي آلتيندا بير آرادا ساخلاماق اولار. سون ايللرده، دار و جاهيل آماجلار اوزوندن سياسي گؤروشلرين آذربايجان دياسپوراسينا گيرمه سي نين و آلانين سياسيلشمه سي نين شاهيدي اولماقداييق. ائله بو اوزدن، آذربايجانين عومومميللي ماراقلاري نين زدلنمه سيني، درين چاتلاماسيني گؤروروک. ساده بير سؤزله، دياسپور وارليغي ايله لوببيچيليک آنلاميني دييشيک توتانلارن اوزوندن فورمالاشماقدا دوغال سورونلار ياشايان ديياسپوروموزون دورومو ايره لي گئتمکدنسه، گئري دؤنوش ياشاماقدادير. بئله داورانان سويداشلار، بو درک ائتمه ليديرلر کي، آذربايجان دياسپورونون سياسي يؤنتم آلما گوجو و ماهيتي يوخدور. چونکي، آذربايجاندا ايستابيللشميش حاکيميت و موخاليفت ايليشگيسي نين اولماماسييلا ياني-سيرا، هم ده سياسي دوروم باخيميندان گونئي، قوزئي فرقليکليگي واردير. 

  چوخ سئوينديريجي حالدير کي، ايستر آمستئردام، ايسترسه بروسسئل توپلانتيلاريندا آذربايجان دياسپورو قونوسوندا هر هانسي جيدي دوشونجه اورتايا قويولمادي. چونکي، بو توپلانتيلارين حدفينده گونئيين ميللي-سياسي هرکاتي وار ايدي. بو ايکي توپلانتي نين بوتون يازيلي و سؤيلم منتيغي نين يؤنو گونئي ايدي. آذربايجان دياسپورونون گوجلو اولدوغونو فرض ائدرسک، يالنيز اونون بو کيمي توپلانتيلارا سسسيز دستگيني دوشونمک اولار. اکس حالدا آمستئردام و بروسسئل کيمي تک يؤنلو توپلانتيلارين آذربايجان دياسپورونا ضيان وئريجي مقصد دييشمه سيني گؤزدن قاچيرماق اولماز. 

  ب) لوببي 

  لوببيچيليک دياسپورانين ترسينه بير سياسي يؤنتمه ماليکدير. بعضي لاببي مرکزلري نين سياسي حدفلر اوزرينه اؤرتوک سالماسنين محض سياسي بير مانوورا اولماسيني دا گؤز اؤنونه آلماق گره کي ر. لوببي بللي بير سياسي حدفين (يقتيدار ويا موخاليفت) ديش قولونون پروپاکانتا گوجودور. ائله بونا گؤره، داعواجيل، هوجومچو و بللي دؤولت ويا ميلته قارشي يؤنلنميش سياسي آماجلي قورومدور. اؤرنک اولاراق دونيانين بوتون سياسي آلانلاريندا فاکتيک گوج کيمي تانينان يهودي، يونان، ارمه ني و گئده رک گوجلنمکده اولان کورد لوببيلريندن آد آپارماق اولار. بو قوروملارين داها چوخ دياسپورا مرکزلريندن سياسي کادر گوج توپلاماسيني و اونلارا پروففئسييونئلجه يؤنتم وئرمه سيني گؤرمک اولار. دياسپورانين ترسينه لوببيچيليگين ان اسساس فاليت دايره سي يئرلي سياسيلرين ايچيدير. بو يولدا اونيوئرسيتئتلر، علمي مرکزلر، سياسي آراشديرما مکانلاري، بؤيوک تيجارت آلانلاري ان الوئريشلي چاليشما يئرلردير. مالي سئکتورلارلا ياناشي علمي مرکزلرده ائييتيملشن سياسي کادرلارين يئتيشديريلمه سي يئرلي دؤولتلرين ده ماراق دايره سينه هيزمت ائدير. کورسل دونيانين سياسال ديپلوماتيياسيندا لوببي مرکزلري نين گئنيش رولو واردير. يئنه اؤرنک اولاراق دونيانين ان نهنگ لوببي مرکزي اولان يهودي لوببيسي نين آمئريکا سيياستينده اولان دانيلماز رولودور. بو لوببي تشکيلاتي اوختاپوس کيمي دونيانين بوتون مالي و سياسي دالانلارينا قول آتميشدير. آمئريکانين هر هانسي سياسي حاکيميتينده ايسرايلين مارکاسي وورولماقدادير. بونون سببي ايسه، يهودي لوببيسيدير. بونا بدل آمئريکانين دا ائکونوميک ماراقلاري بو لوببيلر طرفيندن قورونور. بو هاقدا، همين لوببيلره باغلي اولان يهودي کلان تراستلارا و کارتئللره ايشاره ائتمک اولار. آمئريکا اوزده ايران آدلانان دؤولته قارشي آمبارقو اويقولايير. همين لوببي نين هيمايه سينده اولان سينيرلار اؤتسي شيرکتلر ايسه قاچاق يوللارلا احتيياج اولان ماتئريللاري آرخا قاپيدان ايران سينيرلارينا داشييير. بو ايکي باشلي اويوندان آمئريکا دؤولتي نين الده ائتديگي وئرگي و دللاليق قازانجي قات-قات آرتير، لوببي ايسه اؤزونه آيد اولان بانکلاريني، مالي قايناقلاريني سورجلي اولاراق قورور. سون زامانلار ايران آدينا ايکي لوببي نين اورتايا گلمه سينه تانيق اولماقداديق. آذربايجانا گلينجه، اورتادا هر هانسي لوببي آدينا بير گيريشيم يوخدور دئسک يانيماميشيق. آمستئردام و بروسسئل توپلانتيلاريني يؤنتنلرين گيزلي ذهنيتينده بئله بير گيريشيمين اولماسيني اوميد ائده بيلريکمي، يوخسا...؟ منجه، بروسسئل توپلانتيسي نين آلت بيلينجينده بئله بير گيريشيمين اولماسي چوخ اوغورلو ايستکدير. آنجاق، بروسسئل توپلانتيسيندا ايللريني آذربايجانين گونئيينه و بوتؤولوگونه وئرنلرين اولماماسي و اولانلارا دا تميز اورکله ياناشيلماماسي اوزوندن ميللي-سياسي کادر بوشلوغوندا اولان گونئي آماج(گاماج)-لا لوببيچيلييه گئتمک اولارمي، اولمازمي؟ بونو گله جک گؤستره جک!  

  سونوج:  

  بروسسئل توپلانتيسيني الشديرن بعضي سول سويداشلارا گؤره، اورادا هئچ بير اوغورلو حال يوخ ايدي. سؤزسوز کي، بوتون سياسي فاليت و ياشام هسساسيتلريني آذربايجانين تورکچو دوشونجه سيني محو ائتمک يولوندا قويان بو سويداشلارين فيکرينجه بروسسئل بير اوغور اولابيلمز ايدي. چونکي، بروسسئل بير چايخانا محويلي دئييل، بير ايش ميکانيزمي نين يؤنتميني آچان توپلانتي ايدي. بونو قازانديمي قازانماديمي؟ سؤز قونوسو بو دئييل. سؤز قونوسو آذربايجان تورک ميلتي نين محض اؤز اينانجلارينا و الده ائتديگي سيمگه وارليقلارينا داياناراق اؤزگور، باغيمسيز تام ايستيقلال يولا آدديم آتماسيدير. تبيکي، بو سويداشلارين بئله يؤنتملري درک ائتمه حاضيرليقلاري يوخدور. بو سويداشلارين واختييلا باب، داک، ميللي شورا، ميللي پارتيلر و قوروملارين دا يارانماسيندا وطنپرور مؤوقئله لي بئله اولموشدور. بوگون ده بئله، صاباحدا بئله اولاجاقدير. ميلت اؤز يولونا، بو سويداشلار اينکار يولونا! بيزيم اليميزده نه گه لر کي!! 

  بوتون چالارلارييلا، بروسسئل توپلانتيسي بير آماج دوغرونتوسوندا آتيلان اوغورلو آدديم اولدو. اورادا يارانان يئني قورومون، آذربايجان ميللي هرکاتينا نه لر وئره جگيني دؤزه رک گؤره جگيک. بروسسئل توپلانتيسي نين مؤهورو و دامغاسي، گونئي آذربايجان ميللي آزادليق جبهه سي-دير. بو دامغانين گله جکده هارالارا وورولماسييلا بروسسئل توپلانتيسي نين دوزگون ديري اورتايا چيخاجاقدير. اومارام، هر هانسي ندندن آمستئردام و بروسسئل توپلانتيلاريندا اولمايان ميللي قوروم و شخصلرين ده اورکدن قاتيليمي ايله گاماج يؤنتيمي نين چيگينينده کي  يوک، هرکس ساريندان بير ميللي بورج کيمي منيمسنسين! 

  سون 

  ائ_قاراداگلي@ياهوو-سئ 

  2010-07-15